AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-09-27 11:08:44 769

AMEA Neft və Qaz İnstitutunda Anım Günü ilə bağlı tədbir təşkil olunub

AMEA Neft və Qaz İnstitutunda Anım Günü ilə bağlı tədbir təşkil olunub. Tədbirdə qonaq qismində Vətən müharibəsinin döyüşçüsü Füzuli, Xocavənd və Cəbrayılın alınmasında əvəzsiz rolu olan 3 medal sahibi Məhəmməd Dadaşov dəvət olunub.

Tədbirin açılışında iştirakçılar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən AMEA Neft və Qaz İnstitutunun direktoru, akademik Fəxrəddin Qədirov Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən, mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirməsi haqqında çıxış etmişdir.

Sonra institutun elmi işlər üzrə direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov Azərbaycan dövlətinin hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirməsini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərməsini qeyd etdi. Respublikada bütün məscidlərdə, kilsələrdə, sinaqoqlarda və mədrəsələrdə şəhidlərimizin anım mərasimlərini keçirərək onların ruhlarına dualar oxumuşlar.

Tədbirdə Məhəmməd Dadaşov keçdiyi döyüş yolu barədə təəssüratlarını bölüşüb: Hər tərəfdə "sirena" səsləri, harasa tələsən zabitlər, nələrisə daşıyan əsgərlər görürdüm. Onlara kömək edirdim lakin, yenə də nəyin baş verdiyini bilmirdim. Mənə sonradan "Müharibə başlayıb, gedirik" dedilər. Bunu eşidəndə çox qəribə hisslər yaşadım. Çünki hər birimizin borcudur ki, vətənimizə olan sədaqətimizi, borcumuzu ödəyək. Müharibə həqiqətən də pis bir şeydir. Neçə qəhraman oğullarımız, qardaşlarımız şəhid oldu. Onlar ən yüksək zirvə olan şəhidlik zirvəsinə çatdılar. Onlar və biz 30 il bundan əvvəl baş verənlərin qisasını layiqlicəsinə aldıq. Torpaqlarımızı işğalçılardan azad etdik! Mən inanıram ki, düşmən bizim dövlətimizin qüdrətini görüb bir daha cəsarətini toplayıb üzərimizə hücuma gələ bilməyəcək. Çünki biz onlara 44 gün ərzində Azərbaycan respublikasının gücünü və cəsarətini göstərdik. Qarabağ Azərbaycandır!

Tədbir institutun əməkdaşları Mahir Rəsulovun, Ədalət Həsənovun, Qadınlar Şurasının sədri Arzu Rüstəmlinin və üzvü Nübar Dilbazovanın çıxışları ilə Anım günü haqqında davam etdi.

Allah şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə şəfa versin!