AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-12-03 12:37:11 629

AMEA Neft və Qaz İnstitutunun əməkdaşı Azərbaycan-Fransız Universitetində keçirilən I Beynəlxalq elmi konfransda iştirak edib

AMEA Neft və Qaz İnstitutunun elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində keçirilən I Beynəlxalq elmi konfransda “Modelling of petroleum systems within the South Caspian basin” (Cənubi Xəzər hövzəsinin karbohidrogen sistemlərinin modelləşdirilməsi) mövzusunda məruzə ilə iştirak etmişdir.

30 noyabr – 1 dekabr 2021-ci il tarixlərində keçirilən Beynəlxalq elmi konfrans ADNSU ilə yanaşı UFAZ-ın əsas tərəfdaşı olan Strasburq Universiteti, Azərbaycan Respublikası Təhsil nazirliyi, Fransa Respublikasının Ali Təhsil, Tədqiqat və İnnovasiya nazirliyi tərəfindən təşkil edilmişdir. Konfransı UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və baş katibi Elizaveta Bydanova açaraq qonaqları salamlayıb və tədbirin işinə uğurlar arzulayıblar.

Tədbirin açılış sessiyasında AR Təhsil nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Fransanın Azərbaycandakı səfiri Zacharie Gross, ADNSU-nun rektoru professor Mustafa Babanlı, Strasburq universitetinin Prezidenti Michel Deneken, ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, UFAZ-ın Tədqiqat departamentinin rəhbəri, professor Philippe Turek çıxış edərək konfransın əhəmiyyətindən və iki ölkə arasında elmi əlaqələrin inkişafında mühüm rolundan bəhs ediblər.

Açılış mərasiminin əsas qonağı qismində Strasburq universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Jean-Marie Lehn “Həyat boyunca addımlar: Kimya” adlı məruzə ilə çıxış edərək kimya elminin kainatın təkamülündə rolu barədə danışıb.

Daha sonra tədbir 3 paralel sessiyada 2 gün ərzində onlayn formatda davam edib. Konfransda ADNSU, UFAZ və Strasburq universitetlərini, AMEA-nın elmi müəssisələrini və digər elmi təşkilatları təmsil edən alim, professor və gənc tədqiqatçılar kimya, yer elmləri və kompüter elmləri sahəsində müxtəlif elmi məruzələrlə çıxış edib. Tədbirə ümumilikdə 200-ə yaxın alim, müəllim, gənc tədqiqatçı və tələbə qatılıb. Konfransda həmçinin gənc tədqiqatçıların hazırladığı elmi posterlərin təqdimatı da olub.

Tədbirdə müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə “Sənaye ilə əməkdaşlıq – birgə necə işləmək olar?” sessiyası baş tutub. Bu hissədə universitetlər və biznes arasında əməkdaşlığın müxtəlif formaları müzakirə olunub.