AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-04-28 14:14:08 797

Azərbaycan və Qazaxıstanın elm və təhsil sahələrinə dair perspektivli layihələr hazırlanacaq

AMEA Neft və Qaz İnstitutu və Qazaxıstanın K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə Neft və Qaz İnstitutun baş direktoru, akademik Fəxrəddin Qədirov, icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov, elmi katib y.e.f.d. Şəlalə Hüseynova, AMEA müxbir üzvləri Qalib Əfəndiyev və Qərib Calalov, baş mütəxəssis Mehman Yusifov və Qazaxıstan Milli Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, t.e.d. prof. Gülnaz Moldabayeva iştirak etmişdir.

Görüş iştirakçılarını salamlayarkən, akademik Fəxrəddin Qədirov bildirib ki, Azərbaycan ilə Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qazaxları eyni kökləri, mədəniyyətləri, qədim ənənələri birləşdirir. Həmçinin, bu xalqları dil və din eyniliyi də yaxın edir. O, Azərbaycan və Qazaxıstan arasında elmi əlaqələrin xüsusilə də neft-qaz sahəsində gücləndirilməsinin zəruriliyini qeyd etdi.

Daha sonra akademik Gülnaz Moldabayeva Azərbaycan və Qazaxıstan arasında əlaqələrin beynəlxalq təşkilatlar çərçivəsində mövcud olduğunu vurğuladı. O, təmsil etdiyi elm və təhsil müəssisəsinin neft-qaz mühəndisliyi, geologiyası və s. sahələrdə apardığı tədqiqatlar haqqında məlumat verdi. Bu istiqamətlərdə birgə tədqiqatların hər iki tərəf üçün elmi və iqtisadi cəhətdən faydalı olacağını söylədi. O, həmçinin qeyd etdi ki, Qazaxıstanın neft sənayesinin formalaşmasında Azərbaycan mütəxəssislərinin böyük rolu olmuşdur. Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizində neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsi üzrə birgə əməkdaşlıq ediblər ki, bu ənənə bu gün də davam edir.

Sonda AMEA Neft və Qaz İnstitutu və Qazaxıstanın K.İ.Satpayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumda müəssisələrin əməkdaşlarının və professor-müəllim heyətinin mübadiləsi, tələbə və doktorant mübadiləsi, elmi-tədqiqat təcrübəsi, birgə təhsil proqramlarının təşkili nəzərdə tutulub.
Bundan əlavə, tərəflər birgə elmi tədqiqat fəaliyyəti, akademik görüşlərin və elmi tədbirlərin təşkili, dövlət, beynəlxalq, ictimai və özəl fondlar və təşkilatlar tərəfindən elan edilən qrant müsabiqələrində birgə iştirak etməyi planlaşdırırlar.

Eyni zamanda, elmi məlumatların, materialların və biliklərin mübadiləsi, birgə nəşrlərin dərc etdirilməsi, müəssisələrin eksperimental və laborator imkanlarından istifadəsinin təşkili də əsas elmi əməkdaşlıq istiqamətləri olacaqdır.