AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-08-01 11:49:14 590

Elmlə təhsilin inteqrasiyası vahid platformada inkişafımızın vacib tələbidir

Elmlə təhsilin inteqrasiyası məsələsi elmin formalaşma və inkişafının bütün dönəmlərində aktual olmaqla ölkə cəmiyyətlərinin dayanıqlı və sağlam iqtisadi-sosial əsasda təşəkkülü cəhətdən əhəmiyyət kəsb edən məsələlərdən olmuşdur. Ölkə cəmiyyətlərinin sosiallaşmağa və ya iqtisadi yetkinliyinin daha çox dərəcədə artırılması tələblərindən asılı olaraq bu iki sahənin inkişafı ya müstəqil şəkildə ayrılıqda, yaxud da daha sıx inteqrasiya formasında təmin edilə bilər. Belə ki, cəmiyyətlərin sosiallaşma və iqtisadi yetkinliyinin artırılması istiqamətlərində onların qarşılıqlı əlaqəli formada, yaxud da ayrıca inkişaf etdirilməsi tələblərindən asılı olaraq, hər bir ölkə çərçivəsində elm və təhsilin müstəqil sahələr olaraq, yaxud müəyyən dərəcədə və ya tam inteqrasiyası şəklində fəaliyyəti gerçəkləşdirilir. Bu nöqteyi-nəzərdən, ölkəmizdə də elmlə təhsilin inteqrasiyası davamlı olaraq gündəmdə olmuş və o, ölkə cəmiyyətinin vahid orqanizm olaraq (ciddi strukturlaşmış) təşəkkül tapdığı hazırkı zamanda ölkənin sosial-iqtisadi inkişafına əsaslı təkan verilməsi üçün bu amil dövlət hakimiyyəti tərəfindən vacib önəm verilmə dərəcəsində tam dəstək əldə etmişdir. Şübhə etmirik ki, bu istiqamətdə nəzərdə tutulan vəhdətin yaradılması həm elmin, həm təhsilin vahid platformada inkişafını təmin etməklə, eyni zamanda ölkəmizin sosial-iqtisadi inkişafında, eləcə də ölkə cəmiyyətinin hərtərəfli harmonik inkişafında müstəsna rola malik olacaqdır.

Məlumdur ki, iqtisadiyyatın inkişafı ayrı-ayrı sənaye sahələrinin müstəqil və ya qarşılıqlı əlaqəli inkişaf dərəcəsindən sıx surətdə asılı olur. Lakin bu inkişafı təmin edən amillər, bir tərəfdən, artıq əldə edilmiş elmi nəticələrin bu sahələrin formalaşması və fəaliyyətinə vaxtlı-vaxtında tətbiq edilməsi, digər tərəfdən isə bu formalaşma və fəaliyyəti şərtləndirən elmi-təcrübi səciyyəli məsələlərin operativ əsasda müəyyən edilməklə elmi tədqiqata cəlb edilməsi ilə bağlı olaraq özünü göstərir. Bu halda elmtutumlu sənaye sahələrinin inkişafı ilə yanaşı, bu inkişafı şərtləndirən savadlı və qabiliyyətli insan kapitalının formalaşmasına olan tələbləri də yaddan çıxarmaq olmaz. Məhz nəzərdə tutulan tam inteqrasiya prosesinin gerçəkləşməsi nəticəsində sadalanan məsələlərin vahid platformada elmi-nəzəri və elmi-təcrübi əsasda həllinə nail olmaq mümkün olacaq.

AMEA Neft və Qaz İnstitutunun şöbə müdiri,
texnika üzrə fəlsəfə doktoru Bünyad Zinhar oğlu Kazımov