
Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib
İclasa sədrlik edən, institutun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov gündəlikdə duran məsələlər ilə Şura üzvlərini tanış etdi və yekdilliklə gündəlik qəbul olundu.
İclasda baş elmi işçi v.i.e. g.-m.e.n., dos. Aleksandr Poletayevin “Qaz hidratların öyrənilmə üsulları və perspektivliyi” mövzusunda məruzəsi ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki, qaz hidratların yerləşməsi üzrə mövcud faktiki və ədəbiyyat məlumatları əsasında qaz hidratlı təbəqənin qalınlıq xəritəsi tərtib edilmişdir. Qaz hidrat təbəqəsinin maksimal qiyməti Yerin şimal və cənub qütb en dairəsində, 550 metrdən 1150 metrə qədər qeyd olunur. Əvvəllər aparılmış hesabatlar qaz hidratların termodinamik əmələgəlmə şəraitinə əsaslanırdısa, hazırkı işdə bunlar qaz hidratları üzrə faktiki məlumatlara əsaslanır.
Xəzər dənizinin qazhidratları üzrə dərc edilmiş materialların analizi göstərir ki, bütün işlər Abix, Elm, Bozdağ, Abşeron sahəsinin qaz hidrat yığımlarının və həmçinin regionda onların mümkün yığım zonalarının təyini məqsədilə termobarik amillərin öyrənilməsinə əsaslanır. Cənubi Xəzərin dərinsulu hissəsi üçün 17 regional seysmik profil, qaz planaalması (1290 qaz nümunəsi) məlumatları, temperatur, təzyiq, süxurların tərkibi və s. özündə cəmləşdirən məlumat bazası yaradılmışdır. Məlumatların interpretasiyası Kingdom Suite 2017 və ArcGis proqram kompleksində yerinə yetirilmiş, geoloji-geofiziki, geokimyəvi və termodinamik tədqiqatların nəticələri müqayisə və inteqrasiya edilmişdir.
Müəllifin tədqiqatlarının əsas nəticələri 22 elmi məqalədə dərc edilib.
Baş elmi işçi v.i.e. Aleksandr Poletayevin “Qaz hidratların öyrənilmə üsulları və perspektivliyi” mövzusunda məruzəsinin aktuallığı qeyd edildi və əldə edilmiş nəticələrin ilkin qiymətlədirmə səciyyəsi daşıdığından mövzu üzrə tədqiqatların davam etdirilməsi qərara alındı. Elmi şura üzvləri tərəfindən çoxlu sayda iradlar bildirildi və gələcək tədqiqat işlərində həmin iradların nəzərə alınması tövsiyə olundu.
Gündəlikdə qeyd olunan məsələlər arasında icraçı direktor, g.-m.e.d., prof. Vaqif Qurbanov institutun strukturunda qismən dəyişiklik və mühasibatlıq şöbəsinin ştat cədvəli barədə məlumat verdi.
Gündəlikdə duran sonuncu məsələ üzrə institutun Təhsil şöbəsinin müdiri Arif Hüseynov magistrların I kurs yaz sessiyası üzrə attestasiyasının nəticələri və 2022-ci ildə qəbul olmuş magistratura, doktorantura və dissertantura qəbulu üzrə hesabatı təqdim etdi.
İclasın sonunda müxtəlif məsələlərə baxıldı. Müxtəlif məsələlərdə Elm və Təhsil Nazirliyindən daxil olmuş məktubun məzmunu elmi şura üzvlərinin nəzərinə çatdırıldı.