AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-11-05 14:39:06 441

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda öz canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri institutun baş direktoru, akademik Fəxrəddin Qədirov açaraq, bu böyük qələbə Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı. Şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yeri göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

İnstitutun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov çıxış edərək, bu gün hər bir Azərbaycan vətəndaşı kimi biz də çox həyəcanlıyıq. Bu həyəcan qazanılan zəfərin gətirdiyi xoş bir həyəcandır. Qeyd edim ki, biz bundan sonra da illər boyu Zəfər gününü qeyd etdikdə də bu həyəcan bizlə addımlayacaq. Bu zəfərin qazanılması ilk növbədə ölkədə möhkəm ordu - xalq - dövlət birliyinin mövcud olması, bu istiqamətdə illərlə aparılan düşünülmüş dövlət siyasəti, müasir ordu gücü və mərd vətən övladlarının şücaəti sayəsində mümkün olmuşdur.

İnstitutun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov Zəfər bayramının Azərbaycan xalqı üçün ən əhəmiyyətli tarixi günlərdən biri olduğunu, 44 günlük Vətən müharibəsində ordumuzun, xalqımızın və dövlətimizin möhkəm bir yumruq şəklində birləşməsinin qələbənin qazanılmasında mühüm rol oynadığını söyləyib.

Sonra Gənc Alim və Mütəxəssislər Şurasının katibi Rahilə Əliyeva gənclərin II Qarabağ müharibəsində sosial şəbəkələrdə necə fəal olduqları və hər zaman Vətən üçün hazır olduqları barədə fikirlərini bölüşüb.

Tədbir Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədlinin Zəfər Gününə həsr olunmuş videotəqdimatın nümayişi ilə yekunlaşıb.