AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-03-12 15:48:13 826

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti v.i.e, akademik Arif Həşimov, Rəyasət Heyətinin digər üzvləri akademiklər - İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Cəmil Əliyev, Fikrət Əliyev, Adil Qəribov və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib.

Əvvəlcə iclasda akademik Arif Həşimov AMEA-nın müxbir üzvləri Səlimə Mehdiyevaya 80 və Tofiq Məmmədova 65 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanlarını təqdim edib.

Yığıncaqda müzakirəyə çıxarılan ilk məsələ 27 mart – “Elm günü” haqqında olub. Mövzu ilə bağlı çıxış edən akademik Arif Həşimov bildirib ki, ölkə başçısının 9 aprel 2018-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixi respublikada elmi fəaliyyətlə məşğul olanların peşə bayramı – “Elm günü” olaraq müəyyən edilib. Akademikin sözlərinə görə, “Elm günü”nün təsis edilməsi Prezident İlham Əliyevin elmə göstərdiyi müstəsna qayğının və Azərbaycan aliminə verdiyi yüksək dəyərin təzahürüdür.

“1945-ci ilin martında təsis edilən Elmlər Akademiyası Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında xüsusi xidmətlər həyata keçirib. Ümummilli lider Heydər Əliyev Akademiyanı “Azərbaycan xalqının milli sərvəti” adlandırıb. Belə yüksək dəyər ona görədir ki, bu elm məbədindən yayılan mənəvi-intellektual enerji uzun onillər boyu bütövlükdə milli mədəniyyətimizi stimullaşdırıb. Müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin formalaşması, milli ziyalı elitasının yetişdirilməsi son onilliklərdə həm də məhz Akademiyanın fəaliyyəti nəticəsində mümkün olub. Xüsusən ötən əsrin 70-80-cı illərində Azərbaycanda yaranan nüfuzlu elmi məktəblər yalnız keçmiş SSRİ miqyasında deyil, dünya miqyasında elmi proseslərin inkişafına təkan verib. Hazırda bir tərəfdən dünyanın yeni reallıqları ilə şərtlənən qlobal çağırışlara, digər tərəfdən Azərbaycanın tarixi Zəfərindən sonra bölgədə və ölkədə yaranmış yeni reallıqlara uyğun olaraq Azərbaycan elmi, onun əsas aparıcı mərkəzi olan AMEA öz inkişafını davam etdirməkdədir. Akademiyanın yaxın perspektivdəki hədəfi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və ölkənin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etməkdir”, - deyə akademik Arif Həşimov qeyd etmişdir.

İclasda Fizika İnstitutunun, İdarəetmə Sistemləri İnstitutunun və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun yeni strukturu, eləcə də Fizika İnstitutunun və Botanika İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiqlənib.

Rəyasət Heyətinin müvafiq qərarları ilə filologiya üzrə fəlsəfə doktoru Validə Həsənova AMEA Hüseyn Cavidin Ev Muzeyinin, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova isə Neft və Qaz İnstitutunun elmi katibi vəzifəsinə təyin ediliblər.