AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-02-28 12:12:53 744

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış etdi. Qonaq qismində prof. Nihan Əliyev (BDU) və prof. Məmməd Bayramoğlu (AMEA Riyaziyyat İnstitutu) iştirak etdi.

İclasda t.e.d. Mahir Rəsulovun “Neftin su və kimyəvi reagentlərin köməyi ilə sıxışdırılması prosesinin kəsilən funksiyalar sinfində ədədi modelləşdirilməsi” mövzusunda məruzəsi ilə çıxış etdi. Müəllf tərəfindən vahid metodologiya əsasında neft və qaz yataqlarının işlənilməsi proseslərinin hiperbolik və parabolik tipli qeyri-xətti xüsusi törəməli differensial tənliklər vasitəsi ilə təsvir olunan riyazi modellərinin fiziki xassələrini düzgün ifadə edən effektiv ədədi və analitik həllərinin əldə edilməsi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən bir üsul təklif olunub.

AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov və AMEA-nın müxbir üzvü Qərib Calalov məruzə ətrafında çıxış edərək, bu məsələnin aktuallığını qeyd etdilər.
İclasda elmi katib, y.e.f.d. Şəlalə Hüseynova Neft və Qaz İnstitutunun Elmi şurasının 2023-cü il üçün iş planını şura üzvlərinin diqqətinə təqdim etdikdən sonra müzakirələr aparıldı.

AMEA-nın müxbir üzvü Qərib Calalov, t.e.d. Mahir Rəsulov “İstilik və kütləötürmə prosesləri nəzərə alınmaqla çöküntü hövzələrinin yaranması və karbohidrogen yataqlarının işlənilməsində sistemin dispers xassələrinin təsirinin tədqiqi (2023-2025)” və t.e.n. Bünyad Kazımov “Ehtiyatları çətin çıxarılan karbohidrogen yataqlarının işlənilməsi prosesində qərarların qəbul edilməsi (2023-2025)” adlı ETİ üzrə proqramları haqqında məlumat verdi. Təqdim edilən layihələr ətrafında müzakirəsi aparıldıqdan sonra qəbul edildi.

İclasda Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NEFT STRATEGİYASI: Neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” beynəlxalq elmi-praktiki konfransa hazırlıq işlərinin gedişatı haqqında məlumatı təqdim etdi.

Təhsil şöbəsinin müdiri Arif Hüseynov elmlər doktorluğu hazırlığı üzrə dissertant y.e.f.d. Şəlalə Hüseynovanın dissertasiya mövzusu üzrə ikinci elmi məsləhətçinin təyin edilməsi, institutun magistraturasında təhsil alan tələbələrin payız sessiyası üzrə attestasiyanın nəticələri və 2022-ci ildə institutun doktoranturasına və dissertanturasına qəbul olunmuş doktorant və dissertantların fərdi iş planları barədə çıxış etdi.

İclasın sonunda müxtəlif məsələlərə baxıldı.